Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin məhdud tərkibdə görüşdə qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı ətraflı müzakirələrin aparıldığını dedi. Rusiya dövlətinin başçısı gələn il yanvarın 1-dən quruma sədrliyin Tacikistana keçəcəyini bildirdi.
Tacikistan Prezidenti Emoməli Rəhmon qeyd etdi ki, əldə olunmuş nəticələrin möhkəmləndirilməsi ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet məsələ kimi qalacaq. Tacikistan Prezidenti iqtisadi, energetika, alternativ enerji, yüklərin tranziti, logistika, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyinin təmini məsələlərinə diqqət yetiriləcəyini vurğuladı, humanitar, turizm, innovasiya, ətraf mühitin mühafizəsi, terrorizmin və mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində əlaqələrin genişləndiriləcəyini dedi.
MDB-nin beynəlxalq qurumlarla əlaqələrinə toxunan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov siyasi sahədə əməkdaşlıqdan danışdı. Qeyd etdi ki, MDB ölkələri arasında qarşılıqlı etimadın artırılması olduqca vacib məsələlərdən biridir.
MDB Parlamentlərarası Assambleyası Şurasının və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası Assambleya Şurasının fəaliyyətindən danışdı, humanitar sahədə dinamik əməkdaşlığın inkişaf etdiyini vurğuladı.
Sonda çıxış edən Rusiya Prezidenti Vladimir Putin siyasi dialoqun, təhlükəsizlik, iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndiyini bildirdi, bu ilin əvvəlindən qarşılıqlı ticarət dövriyyəsinin 25 faiz artdığını qeyd etdi.
Daha sonra sənədlərin imzalanması mərasimi oldu. Ümumilikdə, qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalandı.
president.az