Karbamid zavodunun tikinti işləri 93% yekunlaşıb
13.10.2017

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa edilən Karbamid Zavodunun işləri 93,3% yekunlaşıb.
Bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017"də zavodun direktoru Xəyal Cəfərov bildirib.
Onun sözlərinə görə, zavodda ümumi işlərin 98,1 %-i yerinə yetirilib: "Mühəndislik işləri, satınalmalar 100%, quraşdırma işləri isə 88,5% tamamlanıb".
X. Cəfərov həmçinin qeyd edib ki, bu ilin sonuna inşaat işləri başa çatacaq, gələn il isə zavod istifadəyə veriləcək. Onun sözlərinə görə, bu ilin sentyabr ayında zavodda 14 mln. adam/saat həcminə təhlükəsiz iş görülüb, yanvar ayına bu göstərici 15 mln. adam/saata çatacaq.
O əlavə edib ki, zavodun tikintisi dövründə burada 2200-3600 nəfər çalışıb. İstismar dövründə isə zavodda 300-350 işçi olacaq.
X.Cəfərovun sözlərinə görə, müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacaq: "Bunun 150-200 min tonu daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. İxracda Türkiyə əsas marşrut olacaq. Gürcüstan, digər Qara və Aralıq dənizi ölkələri də ixrac marşrutları ola bilər".
O xatrladıb ki, bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Sənayenin inkişafına dair Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində tikilir. 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq "Haldor Topsoe" (Danimarka) və "Stamicarbon B.V" (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın "Neste Jacobs Oy" şirkəti tərəfindən yerinə yetirilir.

report.az