Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli 3% artıb
16.10.2017

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 16 207,9 mln. kubmetr qaz nəql edilib.
Dövlət Statistika Komitəsinə istinadən verdilən xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8% artım müşahidə olunub. Qazın nəqlinin 33,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 5 384,7 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 2,53% artıqdır.

Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

report.az