Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq Yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun doğum günüdür.
Anadan olmasının 94-cü ildönümü tamam olan Gülhüseyn Hüseynoğlu mənsur şeirin yaradıcısı kimi tanınmaqla yanaşı, Müşfiq sevgisini hər bir azərbaycanlıya çatdırmaqla özü də millətin sevimlisinə çevrildi.
Keçən əsrin 40-cı illərindən ədəbi yaradıcılığa başlamış Gülhüseyn Hüseynoğlunun ömrünün mənasını məğrurluq, təvazökarlıq, zəhmətkeşlik kəlmələri daha dolğun ifadə edir. Vaxtilə Azərbaycanın müstəqillik arzusunu dilinə gətirdiyinə görə sovet sistemi tərəfindən zindana atılan yazıçı ömrü boyu qürurundan enməmiş, təmənnasız, gözü-könlü tox yaşamışdır.
Antisovet “İldırım” təşkilatını yaradan, məhkəmənin hökmü ilə 25 il azadlıqdan məhrum edilən Gülhüseyn Hüseynoğlu elmi fəaliyyətinin, demək olar ki, əsas hissəsini məhz sovet sisteminin qurbanı olmuş nakam şair Mikayıl Müşfiqin yaradıcılığına həsr edib. O, bir müəllim kimi yeni nəslin ağıllı, vicdanlı və zəhmətsevər ruhda böyüməsi üçün böyük əmək sərf edib. Alim təqribən 60 ilə yaxın müddətdə Bakı Dövlət Universitetində çalışıb, elmlər doktoru olub, professor dərəcəsinə yüksəlib. Ədəbi fəaliyyətində olduqca yığcam, lakonik, lakin dərin məzmunlu əsərlər yaradıb. Onun cəmiyyət tərəfindən sevilməsinin bəlkə də ən başlıca cəhətlərindən birincisi yazıçının Vətənə, xalqa, dövlətə hədsiz bağlılığıdır.
Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatında bərqərar edən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların işində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.
Gülhüseyn Hüseynoğlu Azərbaycan xalqının yaddaşında bir örnək kimi həmişə yaşayacaqdır.
azertag.az