2017-ci ildə 14 rayonda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bunu Komitənin sədri Kərəm Həsənov bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə deyib.
O bildirib ki, ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir: "Bu ilin yanvar-sentyabr ayları ərzində 600 min hektara yaxın ərazidə çöl torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib".
Komitə sədri həmçinin qeyd edib ki, respublikanın 57 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib: "Cari ilin fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı 180 minə yaxın olub. Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 744 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə, indiyədək 1900-a yaxın inzibati protokol tərtib edilib".
trend.az