Kukla Teatrı Adanada “Zəng” tamaşasını nümayiş etdirəcək
16.10.2017

Oktyabrın 16-dan noyabrın 1-dək Türkiyənin Adana şəhərində 4-cü Şəhər Teatrları Görüşü baş tutacaq. Tədbir Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları tərəfindən təşkil ediləcək.

Türkiyə mətbuatına istinadla xəbər verilir ki, teatrlar görüşündə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Kiprdən gələn 18 teatr qrupu iki həftə sənətsevərlərlə bir arada olacaq.

Ölkəmizi bu tədbirdə təmsil edəcək A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 19-da “Zəng” tamaşasını nümayiş etdirəcək.

Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir. Tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.

azertag.az