Azərbaycanın və Qafqazın ilk peyki olan “Azərspace-1″ telekommunikasiya peykinin görüntüləri yayımlanıb.
“Azərkosmos”dan verilən məlumata görə, peykin istehsalı tamamlanıb. Peyk hazırda son zavod testləri mərhələsindədir.
“Azerspace-1″ peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər peykin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti və peykin raketdaşıyıcısının istehsalçısı olan Fransanın “Arianespace” şirkəti ilə müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçirilməkdədir.
Belə ki, peykin son sınaq yoxlamaları cari ilin 5 dekabr tarixinə kimi yekunlaşacaq və peyk buraxılış üçün tam hazır vəziyyətə gətiriləcəkdir. Daha sonra peyk 2013-cü ilin yanvar ayında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna aparılacaqdır. Peykin gözlənilən tarixdə, 2013-cü ilin fevral ayında geostasionar orbitə çıxarılması planlaşdırılır.
“Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin istehsalına nəzarət edən “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı və peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı peykin sınaq yoxlamaları prosesini də yaxından izləməkdədirlər.
ANN.Az