Azərbaycandan Rusiyaya ixrac missiyası təşkil olunur
16.10.2017

İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasına təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, noyabrın 14-17-də baş tutacaq ixrac missiyası meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, təbii meyvə şirələri, qənnadı məhsulları, qurudulmuş meyvə, süd və süd məhsulları, ət və ət məhsulları sahələrini əhatə edir. İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.

Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında noyabrın 3-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal; meyarların cəmi üzrə minimum keçid balı - 20 baldır.

İxrac missiyasında iştirak etmək üçün ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar oktyabrın 18-dək AZPROMO-ya təqdim edilməlidir.

azertag.az