Azərbaycanda mədəniyyət və yaradıcılığın innovasiyalara və inkişafa nə dərəcədə töhfə verdiyi müzakirə olunacaq
17.10.2017

Oktyabrın 25-26-da Daş salnamə muzeyində “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” mövzusunda Milli Mədəniyyət Forumu keçiriləcək.

Tədbirdə yerli və beynəlxalq ekspertlər Avropa ölkələrinin və Azərbaycanın mədəniyyət sahəsinə aid qabaqcıl təcrübələrini müzakirə edəcəklər. Forum Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və yaradıcılıq” Proqramı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunacaq.

Yaradıcılıq sektoru iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir. Avropa İttifaqı ölkələrində ÜDM-in 4.2 faizi onun payına düşür. Forum zamanı Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələləri müəyyən ediləcək. Nümayəndələr mədəniyyətin ölkələrin rifahına müsbət təsir göstərməsi, insan kapitalının artırılması kimi əhəmiyyətli dividentlərin əldə edilməsinə imkan yaradılması, sözügedən sektorun inkişafının gənc nəslin məşğulluq göstəricilərinə təsiri, Azərbaycanın resurslarını rəqabətədavamlı və dayanıqlı mədəniyyət və yaradıcılıq sahələrinə çevirməyin yolları barədə məlumat verəcəklər.

Forumda iki mühüm araşdırmanın nəticələri təqdim olunacaq. Bunlardan biri YUNESKO-nun mədəniyyətin inkişafı üçün müəyyən etdiyi göstəricilərin Azərbaycanda araşdırılmasının nəticələridir. Onları beynəlxalq ekspert Saymon Ellis (“Mədəniyyət və yaradıcılıq” Proqramı, YUNESKO-nun mədəniyyət göstəriciləri təşəbbüsü, Kanada) təqdim edəcək. Digər təqdimat Azərbaycanda yaradıcılıq sahəsinin inkişaf etdirilməsi ilə bağlı tövsiyələrdir. Araşdırma Portuqaliyadan olan ekspert Kristina Farinxa tərəfindən aparılıb.

Oktyabrın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, “SABAH” qruplarının, habelə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin, “Azercell” Telekom MMC-nin və “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin dəstəyi ilə yaradıcı biznesin inkişafı üzrə “TeamLab Azərbaycan” praktik seminarı təşkil olunacaq. Seminarda 50 tələbə iştirak edəcək və onlar təcrübəli monitorlar ilə birlikdə yaradıcı biznes ideyalar üzərində işləyəcəklər.

Forumda iştirak etmək üçün oktyabrın 18-dək onlayn formada http://bit.ly/FORUM_AZ qeydiyyatdan keçmək lazımdır. Oktyabrın 23-dək iştirakın təsdiqi barədə məlumat veriləcək. Forum haqqında geniş məlumatı https://www.culturepartnership.eu/article/forum-az saytından əldə etmək olar.

KİV nümayəndələrindən qeydiyyat üçün əlaqə məlumatlarını (KİV-in adı, SAA, əlaqə telefonu) yn@yeninesil.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

azertag.az