Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi Avropa çempionatının elit-raunduna yüksəlib - TƏFƏRRÜAT
18.10.2017

Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb.
Bu barədə ötən gün keçirilmiş ilkin seçmə mərhələ oyunlarından sonra UEFA-nın rəsmi saytı xəbər yayıb.
Qaydalara əsasən, ən yaxşı reytinqə malik Almaniya və 11 qrupda ilk 2 yeri tutanlarla yanaşı, 3-cü yer sahibləri arasında ilk 2 yerdə qərarlaşanlarla görüşlərdə ən yaxşı göstəriciyə malik olan 5 komanda növbəti mərhələyə yüksəlməlidir. Azərbaycan yığması 3-cü seçmə qrupu 1 xalla 3-cü pillədə başa vurub. İslandiyaya 0:2, İspaniyaya 0:3 hesabı ilə uduzan Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Monteneqro ilə heç-heçə edib - 1:1. Azərbaycan millisi vurulan-buraxılan topların fərqində (1-6) Monteneqronu qabaqlayıb. İndiyədək 8 qrupda mübarizə yekunlaşıb. 3-cü yeri tutanlardan Ukrayna, Uels, Türkiyə, Bolqarıstan, Belarus, Şimali İrlandiya 3 xal, Yunanıstan 1 xal (1-4) toplayıb. Lakin məhz ilk 2 yerlə görüşlərdəki daha üstün göstəricisi (0:5) Əsgərovun komandasını elit-raunda yüksəldib.
Uels (0-6), Ukrayna (1-8), Belarus (0-9), Şimali İrlandiya (1-11) və Bolqarıstanı (0-10) üstələyən Azərbaycan hələlik Yunanıstan (0-3) və Türkiyədən (1-5) geri qalır. Qalan qruplardan birində mübarizə hələ başlamayıb, birində ilk tur, birində isə ikinci tur yekunlaşıb. Məhz 2-ci qrupda ötən gün başa çatan ikinci turun görüşlərindən sonra məsələyə aydınlıq gəlib. Ən yaxşı halda 3-cü yeri tuta biləcək komandalardan Slovakiya Şotlandiyaya 0:1, İngiltərəyə 0:6 (topların nisbəti 0:7), Latviya isə Şotlandiyaya 0:4, İngiltərəyə 0:10 (topların nisbəti 0:14) hesabı ilə uduzub.
Beləliklə, qrup 3-cülərindən ən azı 7-ni geridə qoyan Azərbaycan millisi Yunanıstan və Türkiyə ilə birgə elit-raunda yüksəlib. Növbəti mərhələyə daha 2 vəsiqənin sahibi qalan 3 qrupda mübarizə yekunlaşdıqdan sonra müəyyənləşəcək.
Qeyd edək ki, elit-raundun püşkü noyabrın 24-də İsveçrənin Nyon şəhərində atılacaq. Elit raund 2018-ci ilin yazında, final mərhələsinin püşkatması apreldə keçiriləcək. Final mərhələsi isə 9 - 21 may 2018-ci ildə Litvada təşkil olunacaq.

report.az