Bakıda Azərbaycan Xalçası üzrə 5-ci Beynəlxalq Simpozium başlayıb
18.10.2017

Azərbaycan Xalçası üzrə 5-ci Beynəlxalq Simpoziumun açılış mərasimi keçirilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov və bir sıra incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Ə.Qarayev qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq nümunələri bəşəriyyətin inciləri siyahısına düşüb və bu olduqca qürurvericidir.
Nazirin sözlərinə görə, simpoziumda 25-ə qədər ölkənin təmsilçisi iştirak edir: "Xüsusilə qeyd etmək istəyirəm ki, bu simpoziumun keçirilməsi nəzəriyyə ilə təcrübənin birləşməsidir. Burada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin birgə fəliyyəti ilə xalçaçılığın inkişafı, sənaye şəklinə dönməsinin böyük əhəmiyyəti var. Qonaqların sırasında xalçaların satışı və onların dünya miqyasında tanınması ilə məşğul olan insanlar da var".

report.az