Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Fullerton Kollecinin dəvətilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.
Baş konsulluqdan verilən məlumata görə, çıxışdan əvvəl Azərbaycanın əsrarəngiz təbiəti, mədəniyyəti, paytaxt Bakının gözəlliyi və görməli yerlərinin əks olundu video-çarx nümayiş etdirilib.
N.Ağayev Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, neft strategiyası, müstəqil dövlət kimi inkişafı, ABŞ və qonşu dövlətlərlə münasibətləri barədə ətraflı məlumat verib. Diplomat Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, hökumətin bu ənənələrin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini, ölkədə müxtəlif dini və milli mənsubiyyətə malik olan insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib.
Baş konsul daha sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq və etnik təmizləmə siyasəti barədə mühazirə iştirakçılarını məlumatlandırıb.
Sonra N.Ağayev tələbələrin suallarını cavablandırıb.
Qeyd edək ki, 25 min tələbənin təhsil aldığı Fullerton Kolleci Kaliforniyanın ən qədim ali təhsil müssisələrindəndir.
report.az