Beynəlxalq maliyyə qurumları Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalına dəstək verəcək
19.10.2017

"Çin Azərbaycana 3 mln. ABŞ dolları dəyərində günəş və dizel generatorlarından ibarət avtonom enerji cihazları bağışlayacaq".
Bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) direktor müavini Cəmil Məlikov deyib.
Onun sözlərinə görə, hazırda bu məqsədlə Azərbaycan tərəfinn imzaladığı sənədlər Çin tərəfindədir:
"Bu aqreqatların gücü 2 kVt-dan 100 kVt-a qədər dəyişir", - deyə o, qeyd edib.
Agentlik rəsmisi onu da bildirib ki, Strateji Yol Xəritəsində Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsinə 1,04 mlrd. manat investisiya qoyulması nəzərdə tutulub. Onun sözlərinə görə, bir sıra beynəlxalq maliyyə institutları Azərbaycanda bu sahəyə pul ayırmaqda maraqlıdır: "Xüsusən də "KfW" bankı (Almaniya), Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu məsələlərdə maraqlıdır. Artıq ADB bioenerji sahəsində texniki-iqtisadi əsaslandırma sənədləri üzərində işi yekunlaşdırıb. Bank 3 regionda reallaşacaq bu layihələrə 46 mln. dollar ayıracaq. Bu layihələrin büdcəsinin 90%-i deməkdir. Bu vəsait çərçivəsində Ağcabədi, Oğuz və Samuxda stansiyalar tikiləcək. Digər 10%-i İsə Azərbaycan hökuməti təmin edəcək".
C.Məlikov "KfW"-nin Azərbaycana 130 mln. avro kredit ayıracağını deyib: "Külək və günəş elektrik stansiyaları ilə bağlı bankın texniki-iqtisadi əsaslandırması başa çatıb və bu istiqamət üzrə Almaniya hökuməti Azərbaycana 130 mln. avro kredit ayıracaq. Amma bu vəsaitin istifadəsi xüsusi şərtlər tələb edir. Əgər Azərbaycan hökuməti bu pulu istifadə etmək niyyətində olsa və bu şərtləri qəbul etsə vəsait Azərbaycan tərəfinə veriləcək".

report.az