İmaməddin Nəsiminin xatirəsinə həsr olunmuş muğam gecəsi
20.10.2017

Muğam Mərkəzində V Beynəlxalq Xalça Simpoziumunun mədəni proqramı çərçivəsində oktyabrın 19-da “Bahariyyə Muğam müasirliklə dialoqda” adlı dahi Azərbaycan şairi və filosofu İmaməddin Nəsiminin xatirəsinə həsr olunmuş muğam gecəsi təşkil edilib.

Konsertdən əvvəl layihənin rəhbəri art-menecer Cahangir Səlimxanov muğam haqqında qısa danışmağın qeyri-mümkün olduğunu söyləyib.

Bildirib ki, layihə eksperimental və qeyri-adi musiqi janrlarını özündə ehtiva edir. Burada hər bir səsin özəlliyi var. Layihədə musiqinin müxtəlif janrları muğamla sintez olunub. Muğama bugünkü müasir dünyamızda müxtəlif kontekstlərdən yanaşılır. Kompozisiyanın əvvəlindəki sənaye səsləri və sonunda kosmik ritmlər xüsusi simvolik məna kəsb edir.

Sonra əsər təqdim olunub.

Bu musiqidən, ey same sana gər nəsnə kəşf oldu,

Məqamatın bəyan eylə, üsulun göstər ədvarın... İnsan mövcudluğunun ən universal mexanizmlərini dərketmə vasitəsi kimi Nəsiminin musiqi barədə bu dəyərli fikirləri orta əsrlərdə sevimli poetik hadisəyə, baharın gəlişinə işarə edir. Təbiətin oyanma və canlanma metaforası dolayı yolla mənəvi oyanma və şüurun yeni səviyyəsinə çatması üçün zəruri olan ekstremal vəziyyətlə əlaqələndirilir. Təqdim edilən layihədə bu əhval-ruhiyyə muğamı kompleks poetik məzmununu, Azərbaycanda əsrlər boyu musiqiçilər və müğənnilər nəsli tərəfindən böyük qayğı ilə ərsəyə gətirilmiş və nəsildən-nəslə ötürülmüş musiqi ənənəsini anlamağa kömək edir.

“Bahariyyə” layihəsində muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan öz əksini tapıb. Burada musiqi vəziyyətin növləri qarşıdurmadan simbioza, qarşılıqlı əlaqəyə, birləşməyə və muğamın quruluşunda gizlənmiş, İlahi həqiqətə doğru tədricən yüksəlmə barədə Sufi anlayışına işarə edən bütün mərhələləri aşmağa qədər fərqlənir. “Bahariyyə” adlı layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun “Azərbaycan” kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər görkəmli tarzənlərin lentə alınmış ifası ilə dialoq, eləcə də Avropa bəstəkarlarından fraqmentlər, ümumilikdə 42 fraqmentindən ibarət 5 peyzaj daxildir.

Təqdim edilən konsert proqramında ifa sənədli səsli mənzərə - səs sənətçisi Peter Cusack tərəfindən toplanmış Bakıətrafı səslər, “Nasa” təşkilatının “Voyager” kosmik gəmisi tərəfindən qeydə alınmış Saturn planetinin titrəyişlərindən ibarət olan kolleksiya ilə başlanır. Dünyaca məşhur videosənət ustası Robert Cahen və Matias Guerranın Azərbaycanın xəyali musiqi mənzərəsindən ilhamlanaraq yaratdıqları videoəsər konsert boyu ifanı müşayiət edir.

Layihənin rəhbəri art menecer Cahangir Səlimxanov, ifaçıları Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) və Elnur Mikayılov (kamança).

Konsert böyük maraqla qarşılanıb.

azertag.az