Bakı Beynəlxalq Film Festivalının təşəbbüs qrupunun iclası keçirilib
20.10.2017

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Bakı Beynəlxalq Film Festivalının təşəbbüs qrupunun iclası keçirilib.

Kinostudiyanın direktoru Müşfiq Hətəmovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, prodüser və hüquqşünas Fikrin Bektaşi, kinoşünas Ayaz Salayev, rejissor Elçin Musaoğlu, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev iştirak ediblər.

Festivalın nizamnaməsinin hazırlanması ilə bağlı işlərin aparıldığını deyən M.Hətəmov, maliyyə, təşkilati və informasiya dəstəyi verən qurumlarla danışıqların başlanıldığını qeyd edib: “Hazırda Azərbaycan filmləri artıq beynəlxalq festivallarda uğurla nümayiş olunur, mükafatlar qazanır. Bakı Beynəlxalq Film Festivalı Azərbaycan filmlərinin dünya kino mühitinə daha ciddi inteqrasiya olunmasında vacib addımdır”.

Sonra beynəlxalq tədbirin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Bildirilib ki, festivalın hər il keçirilməsi nəzərdə tutulur. Bir həftə davam edəcək tədbirdə filmlər müsabiqə əsasında seçiləcək, münsiflər heyətində beynəlxalq kino aləmində tanınan insanlar təmsil olunacaq.

azertag.az