Azərbaycan alimləri Özbəkistanda Babura həsr olunan konfransda iştirak edəcəklər
24.10.2017

Özbəkistanın Əndican şəhərində “Zəhirəddin Məhəmməd Baburun irsi elmi-nəzəri əsərlərdə” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarı Zəhirəddin Məhəmməd Baburun cığatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi “Baburnamə” əsəri türk ədəbiyyatı tarixində mühüm yer tutur. Xətti-Babur deyilən yazı sistemini təkmilləşdirmiş Babur Əlişir Nəvaidən sonra cığatay türkcəsində yazan böyük şair hesab olunur.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi “Z.M.Baburun Bakı əlyazması və əsərdə Əlişir Nəvai izləri”, Folklor İnstitutunun elmi işçisi Nazim Süleymanov “Baburnamə” əsərində təbiət gözəlliklərinin təsviri” adlı məruzələrlə çıxış edəcəklər.

azertag.az