Rusiyanın Rostov vilayətində həyata keçirilən qazıntı işləri zamanı 600 yaşı olduğu müəyyənləşən yumurta tapılıb. Altı əsr ərzində fiziki zərərə məruz qalmayan yumurtanın muzeyə veriləcəyi deyilir.
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya mətbuatı yazır ki, Rostov vilayətinin Azov bölgəsində bina tikintisi zamanı bu tapıntı ilə bərabər bəzi tarixi əsərlər də ortaya çıxarılıb. Bölgəyə gələn arxeoloqlar binanın təməlində qazıntıya başlayıblar. Qazıntı zamanı əkinçilik alətləri və gil küp aşkarlanıb. Mövzuyla əlaqədar açıqlama verən Azov Muzeyi Arxeologiya Şöbəsinin rəhbəri Andrey Maslovki əvvəllər də bir çox yumurta qabığı ortaya çıxarıldığını, ancaq bu qədər köhnə və möhkəm bir yumurtayla ilk dəfə qarşılaşıldığını deyib.