Azərbaycanda ilk dəfə olaraq sümük iliyinin transplantasiyası həyata keçiriləcək.
Bu barədə açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev məlumat verib. O bildirib ki, bu vaxta kimi sümük iliyinin köçürülməsi qan xəstəliklərinin müalicəsində ən mühüm problemlərdən biri olub. Heç bir səhiyyə ocağında, o cümlədən Hematologiya və Transfuziologiya İnstitutunda köçürülməni həyata keçirmək mümkün olmadığını deyən S.Əliyevin sözlərinə görə, bunun reallaşması üçün hazırda Səhiyyə Nazirliyi tərəfindən böyük işlər görülür: “Yaxın vaxtlarda bunu həyata keçirmək mümkün olacaq: Bu prosesi Hematologiya və Transfuziologiya İnstitutu, Respublika Talassemiya Mərkəzi və ya Respublika Onkoloji Mərkəzi reallaşdıra bilər. Hazırda bu istiqamətdə işlər görülür və müvafiq yerlər seçilir”.
APA