“Hədəf” 8 yaşını qeyd edir
24.10.2017

2009-cu ildə yaradılmış “Hədəf” nəşrləri artıq 8 yaşını qeyd edir.

Nəşrlərə rəhbərlik edən filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq  ötən müddət ərzində qazanılan uğurlar, reallaşdırılan layihələr barədə məlumat verib.

“Bu illər ərzində xeyli layihələrə imza atmış “Hədəf” və “Xan” nəşrləri “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat”, “Tərcümə ədəbiyyatı” və “Fərdi-inkişaf yönlü ədəbiyyat” silsiləli kitablar nəşr etsə də, əsasən indiyə kimi davam edən “Xatirə ədəbiyyatı” dəsti ilə məşhurdur. Xeyli yerli və xarici yazıçıların əsərləri, milli ruhlu yerli kitablar – İsa Muğanna, Salam Qədirzadə, Məmməd Səid Ordubadi, Əzizə Cəfərzadə, Rüstəm Berudi və s. kimi Azərbaycan ədiblərinin əsərləri çap edilib. Bundan əlavə, “Hədəf” nəşrləri bir sıra beynəlxalq kitab layihələri – Azərbaycan ədəbiyyatının dünyada tanıdılması istiqamətində bir neçə silsilənin müəllifidir. Uşaq ədəbiyyatı, kiçik yaşlılar üçün nəşrlərin yer aldığı “İnci” və “Fidan” adlı silsilə kitabları da nəşr etmişik”, - deyə Şəmil Sadiq söyləyib.

Bildirilib ki, “Metodiki ədəbiyyat” baxımından Təhsil Nazirliyi və respublikanın ən aparıcı müəllifləri ilə əməkdaşlıq edən “Hədəf” nəşrləri silsilə metodiki kitabların da çapı ilə məşğuldur. Bu sahəyə töhfələrini verən, şagird və abituriyentlərin sevimli kitabları olan bu nəşrlər təhsil sahəsində özünü doğrultmaqda davam edir.

azertag.az