“Qarabağ” yatağı yeni formatda işləniləcək
26.10.2017

Xəzərin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi yeni formatda, beynəlxalq dəyərləndirmələr tətbiq edilməklə həyata keçiriləcək.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində 2017-ci ilin yanvar-sentyabr ayları üzrə tikinti layihələrinin icra vəziyyətinə dair hesabat iclasında İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov bəyan edib.
Tədbirdə baş direktor həyata keçirilən layihələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi səylə çalışıldığını bildirib. O, bu məqsədlə layihələrin təhlili ilə məşğul olan beynəlxalq “Independent Projects Analysis” (Layihələrin Müstəqil Təhlili) şirkəti ilə əməkdaşlığın uğurla davam etdirildiyini bəyan edib.
D.İskəndərov layihələrin dünyanın qabaqcıl şirkətləri tərəfindən qəbul olunmuş formada hazırlanmasının, hər bir tikinti layihəsinin öz komandasının olmasının vacibliyini qeyd edib. O, layihələrin planlaşdırılması zamanı layihənin bitiş vaxtının düzgün müəyyən olunmasının mühüm amil olduğunu ifadə edib.
Sonra İB rəhbərinin tikinti işləri üzrə müavini Əlimusa Quliyev əsaslı tikinti və layihələrin həyata keçirilməsi barədə ümumi məlumat verib, infrastrukturun abadlaşdırılması, yerinə yetirilən tikinti-quraşdırma işləri haqqında danışıb.
Daha sonra əsaslı tikinti və layihələrin ekspertizası şöbəsinin rəisi Gülmirzə Səfərov son illər ərzində kapital qoyuluşları sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, tikinti-quraşdırma sahəsində planlaşdırılan tədbirlərdən, layihələrin icra vəziyyətindən söz açıb. G.Səfərov bildirib ki, 2018-ci ildə 144 obyektdə tikinti-quraşdırma işinin həyata keçirilməsi planlaşdırılır. Tikintisi davam edən obyektlər üzrə ayrı-ayrı məlumat verib.
Sonda baş direktor son illər ərzində çəkilmiş xətlərin təhlilinin aparılması barədə göstəriş verib, layihələrdə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, D.İskəndərov “Report”a müsahibəsində 2018-ci ildə “28 May” NQÇİ-də “Qarabağ” yatağı üçün 1 saylı dərin dəniz özülünün tikintisinin planlaşdırıldığını bildirib.

report.az