“Nar” şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində təkmilləşdirmə işlərini davam etdirir.
Məlumatda deyilir ki, xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilib.
“Görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş verib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb” – “Nar”ın açıqlamasında deyilir.
Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətli verilənlər bazası resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır.
Hazırda “Nar” 3G şəbəkəsinin 94%-i tamamilə müasir IP transmissiya texnologiyası üzərindən xidmət göstərir. Bakı və Abşeron yarımadası ərazisində isə 3G mobil şəbəkəsi tam olaraq IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərir.
“Nar” şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Xatırladaq ki, “Azerfon” şirkəti 2007-ci ilin martın 21-də “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6 000-dən artıq baza stansiyası ilə 2 mln.dan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
report.az