Bakı rusiyalıların noyabrda səyahətə yollanacağı top-5 MDB şəhərindən biridir
26.10.2017

Yaşayış yerinin bronlanması ilə məşğul olan Tvil.ru saytı (Rusiya) noyabrda bayram günlərində rusiyalıların MDB-nin və yaxın xaricin hansı şəhərlərinə yollanacaqlarını təyin edib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, həmin şəhərlərin reytinqi 2017-ci il noyabrın 3-dən 7-dək yaşamaq üçün mehmanxanaların, mənzillərin və qonaq evlərinin bronlanmasına dair müraciətlər barədə məlumatlara əsasən təyin edilib.

Noyabrın 4-də bu ölkədə xalq həmrəyliyi günü qeyd olunur. Bu səbəbdən noyabrın 4-6 tarixlərində rusiyalıları ardıcıl 3 gün istirahət gözləyir. Noyabrın ilk dekadasında rusiyalı turistlərin səyahətə yollanmağa hazırlaşdığı top-5 MDB şəhərləri arasında Bakı da var.

Məlumatlara əsasən, rusiyalı turistlər noyabr bayramlarında orta hesabla 3,5 gün Azərbaycan paytaxtında dincələcək və hər gün orta hesabla 2,9 min rubl xərcləyəcəklər.

Qeyd edək ki, Tvil.ru saytı Rusiyanın hotel, mənzil və qonaq evlərinin onlayn bronlanması üzrə aparıcı saytıdır. Hər ay 2 milyondan artıq insan bu sayta müraciət edir, istirahət və səyahətə aid 50 min variantdan birini seçib bron edir.

trend.az