Azərbaycan və Sudan turizm və hava nəqliyyatında əməkdaşlığı müzakirə edib
27.10.2017

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulu Tariq Həmzə Zeynəlabdini qəbul edib.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, E.Məmmədyarov T.H.Zeynəlabdini fəxri konsul qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan və Sudan arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. T.H.Zeynəlabdin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) təcrübəsinin Sudanda böyük maraqla qarşılandığını qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çəkib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi bildirilib. Bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində Sudanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

trend.az