Bu il ölkədə rəsmi qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı ötən illə müqayisədə 12 faiz artıb.
Bunu jurnalistlərə açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin həkimi Nərmin İsmayılova deyib.
O qeyd edib ki, bu ilin ilk 8 ayı üzrə olan statistikaya əsasən, Azərbaycanda 241 323 şəkərli diabet xəstələri var: "Ölkə üzrə şəkərli diabet xəstələrinin 29 830 nəfəri I tip, 211 493 nəfəri II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Respublika üzrə şəkərli diabet xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı 1543-dür. Onların 1522-si I tip, 21-i II tip şəkərli diabet xəstəsidir. Xəstələrin 73 367 nəfəri Bakı şəhərində qeydiyyatdadır. Onların 556-sı uşaqdır. Təbii ki, Azərbaycanda rəsmi qeydiyyata düşməyən, eləcə də bu xəstəliyə tutulmalarından xəbəri olmayan xəstələr də var. Şəkərli diabet insan orqanizmində fəsadlaşmalara yol açır. Dünyada belə xəstələrin 90 faizi ikinci tip şəkərli diabet xəstələridir. Xəstəliyin yaranması müddəti uzun vaxt çəkir. Ona görə də əsas məqsəd xəstəliyin ilkin diaqnozunu erkən vaxtda təyin etməkdir. Şəkərli diabet bütün orqanlara, xüsusilə göz, böyrək, ürək və aşağı ətraflara fəsadlar verir. Düzgün qidalanma, düzgün həyat tərzi xəstəliyin qarşısını alan amillərdəndir. Bu gün xəstəliyin artmasına təsir edən səbəblər arasında kompüter arxasında çox oturmaq, passiv həyat tərzi, fasd food qidalarından istifadədir".
N.İsmayılova bildirib ki, endokrinologiyanın ikinci əsas problemi qalxanvari vəzi xəstəliyi ilə bağlıdır.
Onun sözlərinə görə, belə xəstələrin sayı getdikcə artır: "Bu xəstəliklər daha çox qadınlarda, əsasən də hamiləlik dövründə olan qadınlarda müşahidə olunur".
N.İsmayılova piylənmənin də endokrinoloji xəstəliklərin yaranmasında başlıca səbəb olduğunu söyləyib.
trend.az