Özbəkistanın Əndican şəhərində “Dünya mədəniyyəti tarixində Zəhirəddin Məhəmməd Baburun əsərlərinin rolu” mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycan, Çin, Türkiyə, Hindistan, Yaponiya, Əfqanıstan, Qırğızıstan, Türkmənistan, Banqladeş və digər ölkələrdən baburşünas alimlər iştirak ediblər.
Tədbirdə Daşkənddəki Babur adına Beynəlxalq Fondun sədri Zakirjon Maşrapov bildirib ki, 25 il əvvəl yaradılan Fond ötən müddətdə qədim tarixin öyrənilməsi, mənəviyyatın inkişafı, Baburun və Baburilər sülaləsinin zəngin elmi-mədəni irsinin Vətənə qaytarılması, bu torpaqda doğulan və başqa ölkələrdə yaşayan əcdadlarımızın qəbirüstü abidələrinin yenidən qurulması istiqamətində fəaliyyət göstərir.
Qeyd olunub ki, 40-dan çox ölkədə Baburun izi ilə elmi ekspedisiyalar təşkil edilib. Əldə olunan sənədlər, kitablar Babur və Dünya Mədəniyyəti Muzeyinə təhvil verilib. Hazırda muzeydə 500-dən çox nadir əlyazma, kitab və digər qiymətli mənbələr qorunub saxlanılır.
Konfransda Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarı Zəhirəddin Məhəmməd Baburun həyatı, yaradıcılığı və siyasi fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi “Z.M.Baburun Bakı əlyazması və əsərdə Əlişir Nəvai izləri”, Folklor İnstitutunun elmi işçisi Nazim Süleymanov “Baburnamə” əsərində təbiət gözəlliklərinin təsviri” mövzularında məruzələrlə çıxışlar ediblər.
Bildirilib ki, Baburun cığatay türkcəsində yazdığı və öz həyatını təsvir etdiyi “Baburnamə” əsəri türk ədəbiyyatı tarixində mühüm yer tutur. Xətti-Babur adlandırılan yazı sistemini təkmilləşdirən Babur Əlişir Nəvaidən sonra cığatay türkcəsində yazan böyük şair hesab olunur.
azertag.az