2013-cü ildə iki Günəş və üç Ay tutulması olacaq.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, ilin ilk Günəş tutulması mayın 10-da Bakı vaxtı ilə 2.27-də başlayacaq, 7.18-də bitəcək. Bu tutulma Azərbaycan ərazisindən müşahidə edilməyəcək.
İlin ikinci Günəş tutulması noyabrın 3-də baş verəcək. Bakı vaxtı ilə saat 14.06-da başlayacaq Günəş tutulması saat 18.27-də başa çatacaq. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən qismən müşahidə olunacaq.
Gələn ilin ilk qismən Ay tutulması aprelin 26-da olacaq. Bakı vaxtı ilə gecə saat 00.54 dəqiqədə başlayacaq Ay tutulması saat 1.20-də başa çatacaq və Azərbaycan ərazisindən müşahidə olunacaq.
İlin ikinci qismən Ay tutulması mayın 25-də səhər saat 09.00-da başlayacaq, 9.22-də bitəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən görünməyəcək.
İlin sonuncu qismən Ay tutulması isə oktyabrın 19-da baş verəcək. Bakı vaxtı ilə saat 2.51-də başlayacaq Ay tutulması saat 6.48-də başa çatacaq və Azərbaycan ərazisindən müşahidə olunacaq.
APA