Oktyabrın 27-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə Ağstafa və Tovuz rayonlarında aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
IDEA-dan verilən məlumata görə, təşkil edilən ağacəkmə aksiyaları zamanı Ağstafa rayon icra hakimiyyəti tərəfindən ayrılmış 2 hektar torpaq sahəsinə 1000 ədəd xurma, Tovuz rayon icra hakimiyyəti tərəfindən ayrılmış 2 ha torpaq sahəsinə isə 1248 ədəd fındıq ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr və şəhid ailələri arasında bölünərək onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.
Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması noyabr ayı ərzində Qax, Sabirabad, Beyləqan, Lənkəran, Ağdaş rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında təşkil ediləcək. Layihənin ilkin mərhələsində fındıq, nar, ərik, feyxoa, xurma növlərindən olmaqla, ümumilikdə 9000-ə yaxın meyvə ağaclarının əkilməsi nəzərdə tutulub.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Qeyd edək ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir rayonunda salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin təmənnasız istifadəsinə verilib.
trend.az