Beynəlxalq Muğam Mərkəzində “Amerika Muğam Cəmiyyəti”nin sədri, kaman və tar ifaçısı Cefri Verbakın konserti olub.
Mərkəzdən bildirilib ki, Azərbaycanın milli geyimində səhnəyə çıxan Cefri Verbak muğam pərəstişkarı olduğunu, bu çətin, mürəkkəb, zərif musiqini sevdiyini və “Amerika Muğam Cəmiyyəti”nin xətti ilə ABŞ-da və dünyanın digər ölkələrində muğamı təbliğ etməyə çalışdığını bildirib.
Sonra C.Verbak kamançada “Segah” muğamını, tarda isə digər muğamlardan müxtəlif parçalar ifa edib.
Konsertdə Əməkdar artistlər Sahib Paşazadənin (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiətilə xanəndə Rəvan İsmayilovun ifasında “Qarabağ şikəstəsi” səslənib.
Əməkdar Artist Sahib Paşazadə Cefri Verbakın Azərbaycan muğamına olan sevgisindən , ABŞ-da muğamı təbliğ etməsindən və Fransada birlikdə keçirilən konsertlərindən söhbət açıb.
Sonra Sahib Paşazadə tarda “Segah”, Toğrul Əsədullayev isə kamançada “Şur” muğamlarını ifa ediblər.
Cefri Verbak konsertə gələn qonaqlara minnətdarlığını bildirib.
azertag.az