Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə bağlı işlər 2014-cü ilin I rübündə başa çatacaq.
Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov bildirib.
A.Əsgərov qeyd edib ki, inşaat işləri başa çatan kimi Bakı-Tiflis-Qars dəmir yolu marşrutu ilə yük və sərnişin qatarlarının hərəkətinə başlanacaq.
«Azərbaycan Dəmir Yolları» başçısı dəmir yolu keçidlərindəki qəzalardan sonra belə keçidlərin sayının azaldıldığını da bildirib. A.Əsgərovun sözlərinə görə, hazırda dəmir yolları şəbəkəsində ümumilikdə 364 keçid var və bunun 318-i qorunmayan, 46-sı isə qorunan keçiddir: «Son vaxtlar baş verən qəzalarla əlaqədar olaraq Nəqliyyat Nazirliyinin tapşırığı əsasında bütün keçidlər analiz olunub. Artıq 40-dan çox keçid bağlanıb. Hansı yerdə ki, təhlükəsiz hərəkət təmin olunmayıb, o keçidlər bağlanılır».
APA