Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi» dövlət standartı təsdiq edilib.
Komitədən verilən məlumata görə, təsdiq edilmiş standart bu ilin dekabrın 10-dan tətbiq olunacaq. Standart «Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədilə «Turizm və yerdəyişmə vasitələrinin xidmətləri» üzrə Texniki Komitə tərəfindən hazırlanıb.
Mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə meyarlarının tətbiq edilməsinin məqsədləri xidmətlərin səviyyəsinə dair vahid qiymətləndirmə metodikasının istifadəsi, obyektiv təsnifatın aparılması, təsnifat üzrə xidmətlərin monitorinqinin həyata keçirilməsi, mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya köməyin göstərilməsi və s. aspektləri əhatə edir.
Standartda mehmanxanaların tipləri, mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə sisteminin təşkili və təsnifatın keçirilmə qaydaları geniş şəkildə əks olunub.
APA