Müəllim, psixoloq, kitabxanaçı və uşaq birliyi rəhbərləri üçün yeni müsabiqə keçiriləcək
31.10.2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) "Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr təşkil ediləcək.

İdarədən verilən məlumata görə, pedaqoji mühazirələrin 2017-ci ilin dekabrında rayon, 2018-ci ilin fevral-martında şəhər, aprel və ya maylarında ölkə mərhələsinin keçirilməsi nəzərdə tutulur.

BŞTİ tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Pedaqoji mühazirələrdə məktəb rəhbərləri, müəllim, metodist, məsləhətçi, psixoloq, kitabxanaçı və uşaq birliyi rəhbərləri iştirak edə bilərlər.

2017-2018-ci dərs ilində təşkil olunacaq pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdır.

Pedaqoji mühazirələr ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərə dair mövzular üzrə keçiriləcək.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndiriləcək.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdiriləcək. Həmin məruzələrdən innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə Təşkilat Komitəsinə təqdim ediləcək.

Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

trend.az