Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verib
5.12.2012

Qaxın Çüdüllü kəndində qeyri-adi təbiət hadisəsi baş verib. Son vaxtlar təbiətin belə möcüzələrinə artıq alışmışıq desək, yanılmarıq. Belə möcüzələrdən biri də Qaxın Çüdüllü kəndində Məmmədovlar ailəsinin həyətində baş verib. Alça ağacı gözlənilmədən dekabr ayında bar gətirib. Əsasən aprel-may aylarında bar gətirən ağac yenidən çiçəkləyib və meyvə verib.

Məmmədovlar ailəsi belə hadisənin ilk dəfə şahidi olduqlarını bildiriblər. Alça ağacının dekabr ayında bar gətirməsi onları da heyrətləndirib. Hətta ağacın üzərində meyvələrdən əlavə, yeni çiçəklər də var. Bu isə ağacın daha soyuq qış aylarında bar verə biləcəyindən xəbər verir.

Qeyri-adi təbiət hadisəsini hava ilə də əlaqələndirmək olar. Havanın isti keçməsi və
payız aylarının sonuna qədər davam etməsi, ağacların çiçəkləməsinə və əsasən də bar verməsinə gətirib çıxarır. Odur ki, daha soyuq qış aylarında təbiətin belə möcüzələrinin hər an şahidi ola bilərik.

Milli.Az