Britaniya Parlamentində ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr edilmiş kitabın təqdimatı olub
1.11.2017

Böyük Britaniya Parlamentində ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr edilmiş ingilis dilində kitabın beynəlxalq təqdimatı keçirilib.
Uu öndərin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən bəhs edən kitabın təqdimatı Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkmənin himayəsi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, Parlament üzvləri Mark Pavsey, Martin Vikers, Lord Kilklooney, Lord Addinqton, TEAS-ın London bölməsinin direktoru Jak Pegoraro və digər rəsmi şəxslər iştirak ediblər.
"TEAS presse"də nəşr edilmiş üç cilddən ibarət kitabın müəllifi Milli Məclisin deputatı Elmira Axundovadır. 14 ilə başa gəlmiş kitabın birinci cildi “Həyat tarixi”, ikinci cildi “Beş il Kremldə” və sonuncu cildi “Qayıdış” adlanır. 1990–2003-cü illər ərzində jurnalist kimi çalışan müəllif kitabı heç bir zaman işıq üzü görməmiş sənədlərdən istifadə edərək və ümummilli liderin ailə üzvləri, dostları, iş yoldaşları ilə 350 müsahibəsi əsasında ərsəyə gətirib.
Tədbirdə çıxış edən Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, deputat Bob Bləkmən bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Böyük Britaniya-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edib. Deputat Böyük Britaniyanın yaxın dostu olan Heydər Əliyevə həsr edilmiş ingilis dilində bu kitabı ərsəyə gətirdiyinə görə müəllifi təbrik edib.
Müəllifi təbrik edən Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə ulu öndərin keşməkeşli həyat və yaradıcılığı, uzaqgörən siyasəti ilə yanaşı şəxsi keyfiyyətlərinə toxunaraq, onun qayğıkeş bir insan olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

report.az