“Nəriman Nərimanov” metro stansiyasının keçidlərində “Köhnə Bakı” sərgisi açılıb
1.11.2017

Noyabrın 1-də metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Köhnə Bakı” sərgisi açılıb.

Sərgi “Bakı Metropoliteni” QSC və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdir.

“Bu layihə çərçivəsində indiyə kimi “Gənclik” və “Nəriman Nərimanov” metro stansiyalarında müxtəlif sərgilər həyata keçirilib. Adından göründüyü kimi sərgi köhnə Bakının fotolarından təşkil olunub”, - deyə Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında bildirib.

N.Paşayev deyib ki, Bakının zaman keçdikcə dəyişməsi, inkişaf etməsi göz önündədir. Bununla əlaqədar həm paytaxt sakinlərinə, həm də ölkəyə gələn turistlərə köhnə Bakı ilə bağlı təəssürat yaratmaq üçün bu sərginin əhəmiyyəti böyükdür. Bakı metrosundan istifadə edən sərnişinlər tarixə ekskursiya edərək köhnə Bakını xatirələrdə canlandıra bilərlər. Sərgi 6 ay müddətində “Nəriman Nərimanov” metrosunun hər iki keçidində nümayiş olunacaq. Sərgidə 90-a yaxın foto nümayiş etdirilir.

azertag.az