Könüllülər yeni kampaniyaya başlayırlar
1.11.2017

“ASAN Könüllüləri” Təşkilatının və Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə #9noyabr həştəq kampaniyasına start verilir.

Sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Sərəncamının icrasına dəstək olaraq tariximizin, xalqımızın müstəqillik mübarizəsinin müxtəlif mərhələlərinin, başda Azərbaycan Respublikasının dövlət bayrağı olmaqla, onun milli atributlarının, rəmzlərinin, eləcə də vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ideyalarının təbliğidir.

Kampaniya sosial şəbəkələr üzərindən həyata keçiriləcək. Belə ki, sosial şəbəkədə istifadəçilər #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşımlar edərək (foto, video, bloq və s.) başladılmış trendə qoşulurlar. Bununla da iştirakçılar paylaşılan məzmunlarla cəmiyyətdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə və milli tariximizin təbliğinə töhfə verəcəklər.

“ASAN Könüllüləri” Təşkilatı sosial şəbəkələri üç rəngə boyamaq məqsədilə bütün dövlət orqanlarını, özəl qurumları, qeyri-hökumət təşkilatlarını, gənclər təşkilatlarını bu aksiyaya qoşulmağa çağırır.

azertag.az