“Startap İstanbul” beynəlxalq konfransında Azərbaycanı “Onbranch” layihəsi təmsil edib
2.11.2017

Azərbaycanda start götürən “Onbranch” layihəsi Türkiyədə keçirilən “Startap İstanbul” beynəlxalq konfransında iştirak edib.
Dörd gün davam edən “Startap İstanbul” konfransı startapların inkişafı ilə məşğul olan Türkiyə şirkətləri tərəfindən bir çox ölkələrin İT sferasında işləyən aparıcı şəxsləri və onların layihələrini eyni məkanda birləşdirmək məqsədi ilə təşkil edilib. Konfransda 40-a yaxın ölkə iştirak edib, Yaxın Şərq, Asiya ölkələri, Ukrayna, Rusiya, hətta Qərb ölkələrindən də iştirakçılar olub.
Tədbir həmçinin yarış xarakterli olub. Konfransa 20 minə yaxın startap layihəsi təqdim olunsa da, onlardan 100-ü final mərhələsinə seçilib və təsisçilər tədbirə dəvət olunub.
Konfransda müasir texnologiyalar ilə bağlı müxtəlif çıxışlar, panel müzakirələri olub. Bundan əlavə, seçilən layihələrin hər birinin təqdimatı keçirilib. Azərbaycanın konfransda yeganə təmsilçisi “Onbranch” layihəsi olub. “Onbranch” layihəsi barədə təsisçisi Elçin Əskərov təqdimatla çıxış edib. O, “Onbranch” sosial paylaşım platformasının yaradılmasının əsas məqsədinin eyni məkanda olan insanları birləşdirmək olduğunu deyib.
“Onbranch”ın üstünlüklərindən danışan E.Əskərov bu unikal layihənin dünyada analoqu olmadığını bildirib: "Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla ünsiyyət yaratmaq üçün onların real oturduğu hər hansı məkanda real koordinatları görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil olarkən onlar bir-birilə ünsiyyət yarada bilərlər”.

report.az