"SOCAR Methanol" və Bakı Ali Neft Məktəbi arasında razılaşma sənədi imzalanıb
2.11.2017

Ötən gün "SOCAR Methanol" MMC və Bakı Ali Neft Məktəbi (BANM) arasında yeni layihələrin həyata keçirilməsi üzrə növbəti addımların müəyyən olunması və əməkdaşlığın inkişaf perspektivlərinin möhkəmlənməsi üçün əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb.
Sənəd "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayevin başçılığı ilə nümayəndə heyətinin Bakı Ali Neft Məktəbində keçirdiyi görüşün sonunda imzalanıb.
BANM rektoru Elmar Qasımov, tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov və bir çox kafedra müdirlərinin, habelə sonuncu kurs kimya mühəndisliyi üzrə təhsil alan tələbələrlə keçirilən görüşdə çıxış edən "SOCAR Methanol"un başçısı E.Mustafayev zavodun fəaliyyəti haqqında ətraflı məlumat verərək gənc mütəxəssislər üçün böyük imkanlar vəd edən zavodun onların gələcək karyeralarında gözəl bir başlanğıc ola biləcəyinə əminliyini bildirib.
Yay təcrübə proqramı çərçivəsində "SOCAR Methanol" zavodunda təcrübə keçən tələbələr zavodun təhlükəsiz və uğurlu fəaliyyəti, həmçinin gənc mütəxəssislərə yaratdığı imkanlardan, əldə etdikləri biliklərdən bəhs edərək zavod rəhərliyinə yaradılmış şəraitdən dolayı təşəkkürlərini bildiriblər.
Görüş zamanı BANM rektoru E.Qasımov məktəbdə həyata keçirilən uğurlu layihələr və digər şirkət və institutlarla olan əməkdaşlıq barədə ətraflı məlumat verib.

report.az