Noyabrın 10-da Muzey Mərkəzinin sərgi qalereyasında Xalq Rəssamı Mir Nadir Zeynalovun fərdi sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Mir Nadir Zeynalov 40 ilə yaxındır ki, Azərbaycan rəssamlığında öz yerini tutan sənətkarlardan biridir. Onun özünəməxsus yaradıcılıq üslubu, emosional tabloları hər zaman seçilir. Rəssam 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Ötən əsrin 80-ci illərində Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, “Hind məbədi”, “Hind həyəti” mənzərələrini yaradıb. “Hindistan silsiləsi”nə, həmçinin “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” əsərləri daxildir. “Yaz bağı” adlı əsəri 1989-cu ildə Bakıda keçirilən xəzəryani Bienalledə bürünc medala layiq görülüb. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anсeles və digər şəhərlərdə nümayiş etdirilib.
Rəssamın əsərləri Muzey Mərkəzində noyabrın 16-dək nümayiş etdiriləcək.
azertag.az