Azərbaycanlı muğam ustasının fransız caz ustası ilə albomu işıq üzü görüb
2.11.2017

Məşhur muğam ustası Qoçaq Əsgərovun fransız caz ustası Pyer de Treqomenlə birgə “MUĞHAM SOULS” albomumu işıq üzü görüb. Bu münasibətlə Parisdə konsert keçiriləcək.
Konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə 26 noyabr tarixində Parisin San-Jülyən-le-Povr kilsəsində baş tutacaq.
İtaliyada işıq üzü görən bu disk musiqi dünyasında əlamətdar hadisə olub. Albom caz musiqisi ilə YUNESKO-nun Qeyri maddi-mədəni irsi siyahısında yer almış, sufi ənənəsini özündə əks etdirən muğamın birgə uğurlu ifası ilə ərsəyə gəlib. Bu iki musiqi janrı bir-birinə linqvistik və emosional oxşarlıqlarla bağlıdır.
Qoçaq Əsgərov və Pyer de Treqomen muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların qərb melodiya çalarlari ilə uğurlu sintezini böyük ustalıqla başa gətiriblər.
Bu iki musiqi ustadını kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, pianoda Vasif Hüseynzadə müşayiət edəcəklər.

report.az