Azərbaycanda aparılan iqtisadi islahatlar beynəlxalq reytinqlərdə də özünü göstərir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatını şərh edərkən deyib.
Deputat bildirib ki, bu cür nüfuzlu qurumların hesabatları xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, belə hesabatlar və reytinq siyahıları hazırlanarkən bir çox iqtisadi təhlillər əsas götürülür və investorların seçimində mühüm əhəmiyyət kəsb edir:
“Xüsusi ilə də Hesabatda minoritar investorların müdafiəsi sahəsində aparılan islahatlar və ölkənin bu aspekt üzrə 10-cu yerdə qərarlaşması investorların diqqətini cəlb edəcək detallardır. Digər tərəfdən ən mühüm parametrlərdən biri də biznesə başlamaq üçün 4,5 günün tələb olunması bir çox inkişaf edən ölkə üçün də örnək hesab edilə bilər. Azərbaycanın reytinq siyahısında 8 pillə birdən irəliləməsi dövlət başçısının rəhbərliyi ilə aparılan yeni iqtisadi siyasətin özünü doğrultduğunu göstərir. Hesab edirəm ki, bu islahatların hələ ilkin mərhələdəki nəticələridir”.
A.Hüseynov bildirib ki, növbəti illərdə Azərbaycan beynəlxalq nüfuzunu artıracaq və reytinq siyahılarındakı mövqeyini daha da yaxşılaşdıracaq: “Bu uğurun bəhrəsini ölkəmiz investisiya axını ilə görəcək”.
Qeyd edək ki, Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” hesabatı açıqlanıb. Azərbaycan siyahıda 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Ölkə islahatların aparılması üzrə builki siyahıda 70,19 bal toplayıb. Ötənilki hesabatda Azərbaycan 67,07 balla 65-ci yerdə qərarlaşmışdı. Sənəddə o da qeyd olunur ki, Azərbaycan hesabat dövründə 4 islahat həyata keçirib.
trend