“Azərbaycan ailəsi 2017” film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib
3.11.2017

“Azərbaycan ailəsi 2017” film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib.
Tədbirdə festival iştirakçıları, dövlət qurumları, icra hakimiyyətləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.
Yaranmış ənənəyə uyğun olaraq, bu il mart ayının 30-da “Azərbaycan ailəsi 2017” film festivalına start verilib, oktyabrın 1-dək festivala işlərin qəbulu davam etdirilib. Ümumilikdə, 6 ay ərzində festivalın Təşkilat Komitəsinə peşəkar və həvəskar iştirakçılar tərəfindən fərqli və maraqlı işlər təqdim edilib və təqdim edilmiş film və fotoşəkillər festivalın münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin baş müşaviri Fərid Babayev və başqaları çıxış edərək Azərbaycanın ailə institutundan, ailə dəyərlərindən danışıblar.
Tədbirin sonunda qalib iştirakçılar mükafatlandırılıb.
Qeyd edək ki, "Azərbaycan ailəsi” adlı film festivalı 2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Festivalın əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətlərinin aşkar olunması, qeyd olunan istiqamətlərdə video və fotomateriallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.

report.az