Görkəmli yazıçı Kamal Abdullanın müəllifi olduğu “Yarımçıq əlyazma” romanının odisseyası davam etməkdədir. Dünyanın müxtəlif ölkələrində nəşr olunmuş roman bu dəfə Yaponiyada işıq üzü görüb. Nüfuzlu “Suseyşa” nəşriyyatında “Səbirsizliklə gözlənilən əsər” seriyasında çap edilmiş kitabın üz qabığında yapon dilində “Kitabi-Dədə Qorqud” dastanının itmiş əlyazması” sözləri əksini tapıb. Kitabda müəllif haqqında qısa məlumat da verilib.
Maraqlı tərtibatda oxuculara təqdim olunan romanı yapon dilinə Vaseta Universitetinin (Yaponiya) professoru İto İçiro tərcümə edib. Bu roman Kamal Abdullanın yapon oxucusuna təqdim edilən ikinci romanıdır. Bundan əvvəl araşdırmaçı alim və tərcüməçi Takayuki Murakaminin tərcüməsində müəllifin “Sehrbazlar dərəsi” romanı Yaponiyada nəşr olunub.
Qeyd edək ki, roman müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, ABŞ, Avstriya, Qazaxıstan, Gürcüstan, Misir, İtaliya və digər ölkələrdə çap olunub. Habelə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Fransa və İtaliyada təkrar çap edilib.
Dünyanın müxtəlif dillərində roman haqqında 100-dən çox rəy və resenziya yazılıb. Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.
Rusiyalı tənqidçilər əsəri “postmodernizmin ən parlaq nümunəsi”, türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı “Azərbaycanın Borxesi” adlandırıblar.
Xatırladaq ki, məşhur italyan yazıçısı, semiotiki Umberto Eko “Yarımçıq əlyazma” romanını oxuduqdan sonra müəllifi İtaliyaya öz evinə dəvət edərək onunla ədəbiyyat və mədəniyyət barədə müzakirələr aparıb, roman haqqında müsbət fikirlər səsləndirib.
Tanınmış rus yazıçısı Aleksandr Tkaçenko isə bildirib ki, Folkner öz “Yoknapatofu”nu, Markes “Makondası”nı, Fazil İsgəndər öz “Çegemi”ni yaradan kimi, Kamal Abdulla da öz “Yarımçıq əlyazma”sını yaradıb.
İtaliyanın məşhur “Scano prayz” ədəbi mükafatına layiq görülən “Yarımçıq əlyazma”nın odisseyasının davamında romanın yan alacağı limanların hər biri Azərbaycan ədəbiyyatı adına qazanılan uğurdur.
azertag.az