Noyabrın 2-də Azərbaycan Milli İncəsənət Muzeyi ilə Qazaxıstanın Təsviri Sənət Muzeyi arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Sənədi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev və Qazaxıstanın Təsviri Sənət Muzeyinin direktoru Ainabek Ospanov imzalayıb.
Muzeydən bildirilib ki, tədbirdə çıxış edən Çingiz Fərzəliyev hər iki ölkənin muzeyləri arasında əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən danışıb. Qeyd edib ki, bu müqavilə mədəniyyət müəssisələrinin əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədini daşıyır və bu əməkdaşlıq iki ölkə arasında dostluq münasibətlərini möhkəmləndirməyə xidmət edir.
Qazaxıstanın Təsviri Sənət Muzeyinin direktoru Ainabek Ospanov çıxışında bu müqavilənin önəmli hadisə olduğunu qeyd edərək bundan sonrakı əlaqələrin genişlənməsini, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaranmasını vurğulayıb.
Müqavilə iki muzeyin qarşılıqlı elmi-tədqiqat və bərpa-konservasiya işi aparmasını, muzey işçiləri arasında təcrübə mübadiləsi aparmağı, birgə sərgilər hazırlamağı bəyan edir. Bu sənəd həm də iki ölkənin mədəniyyətinin qarşılıqlı təbliğinə xidmət göstərəcək.
İmzalanma mərasimində Qazaxıstanın ölkəmizdəki səfirliyinin nümayəndələri də iştirak ediblər.
azertag.az