Bu gün Bakı Olimpiya Stadionunda (BOS) "Olimpiya" Peşəkar Döyüş Klubunun açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, qurumun sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, BOS-un direktoru Cavid Qarayev, "Olimpiya" Peşəkar Döyüş Klubunun prezidenti Eldar İsmayılov və digər şəxslər iştirak ediblər.
Zalın rəmzi lentini kəsən R.Abdullayev bildirib ki, BOS-un yalnız futbola deyil, digər idman növlərinə də xidmət göstərməsi Prezident İlham Əliyevin tapşırığıdır: "Bu gün sevindirici gündür. Cənab prezident BOS-un istifadəyə verilməsindən sonra qarşımıza məqsəd qoyub ki, bu qurğu təkcə futbola deyil, digər idman növlərinə də xidmət etsin. Minlərlə gəncin bura gəlməsi sevindiricidir. BOS-un, buradakı zalların idmanımıza böyük töhvə verəcəyinə əminəm".
A.Əliyev isə zalın açılşına gələn hər kəsə dəstək olduğu üçün təşəkkür edib: Azərbaycan idman ölkəsidir və bunu sübut edib. Burada Prezident İlham Əliyevin xüsusi diqqət və qayığısı var. Həmçinin Gənclər və İdman Nazirliyinin, federasiyaların dəstəyini də unutmamalıyıq. Bu gün idmançılarımız öz sözünü deyirlər. Cüdo Federasiyasında da böyük işlər görülür, öndə gedən federasiyalardandır. Nailiyyətlərə baxanda qürur duyuruq".
Çıxışlardan sonra E.İsmayılov Rövnəq Abdullayev, İsmayıl İsmayılov, Adil Əliyev, Sadıq Sadıqov, Cavid Qarayev və Bədəl Bədəlova, eləcə də Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy və "Olimpiya" Peşəkar Döyüş Klubunun baş məşqçisi Ceyhun Abbasova xüsusi diplom təqdim edib.
Tədbirin sonunda isə tort kəsilib.
report.az