“Azəravtoyol” ASC Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparır.
Quruma istinadən xəbər verilir ki, söhbət Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından gedir.
Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 km təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulur.
Tovuz-Ağdam və Əlibəyli-Hacalı kəndlərini birləşdirən yolların ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4.5 metr və hər bir istiqamət üzrə 1.75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metr təşkil edir.
“Əvvəllər torpaq və çınqıl örtüklü olan yollarla vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Vətəndaşların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün “Azəravtoyol”un həyata keçirdiyi layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı və yol əsası inşa olunur. Yolun hazır olan hissələrində isə artıq asfaltlanma işlərinə də başlanılıb. 11 km uzunluğunda olan yolun 7 km-lik hissəsinə 1 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun 60 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örütüyü döşənəcək.
Layihə çərçivəsində Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilir. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4.5 metr təşkil edəcək. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalacaq.
Körpünün yaxınlığında 50 metr uzunluğunda və 4 metr hündürlükdə istinad divarları da inşa edilir. Bundan başqa layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 29 ədəd müxtəlif ölçülü dəmir-beton boruların tikintisi işləri də aparılır.
Əsaslı təmir işləri tamamilə başa çatdıqdan sonra yola 46 ədəd məlumatverici lövhələr və yol nişanları quraşdırılacaq.
Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin minlərlə əhalisinin gediş-gəlişini rahatlaşacaq, yük və sərnişin daşınması xeyli asanlaşacaq, - deyə məlumatda qeyd edilib.
report.az