Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib
6.12.2012

2012-ci ilin 3-7 dekabr tarixində Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilir.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyada YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunmuş və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilmişdir.

Bu hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olmuşdur.
Ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı, eyni zamanda Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Komitənin bu ilki sessiyasında 2003-cü il Konvensiyasının gələcəyi, Komitənin fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, digər üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyalar da müzakirə olunmuşdur.

http://mct.gov.az