İstanbulda türk dilinə tərcümə olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib
6.11.2017

Noyabrın 5-dən İstanbulun TÜYAP sərgi mərkəzindəki 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində türk dilinə tərcümə olunub qardaş ölkədə nəşr olunan Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı keçirilib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonumuzda təşkil olunan təqdimatda Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, tərcüməçi Yursevən Şən və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Sevinc Fırat Zənginin Yayınçılıq tərəfindən türk dilində nəşr olunan əsərlər Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Sevinc Fırat Zənginin Yayınçılıq 2016-cı ildə əldə olunan razılaşma əsasında həyata keçirilən layihə çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan yazıçı və şairlərin bir il ərzində ümumilikdə 8 əsəri türk dilində nəşr olunub. Bu siyahıya Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” (İki od arasında), Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Yusif Səmədoğlunun “Qətl günü”, İlyas Əfəndiyevin “Körpü salanlar”, Fərman Kərimzadənin “Qarlı aşırım” əsərləri və Əbdürrəhim bəy Haqverdiyevin iki cilddən ibarət hekayələri daxildir.

Hazırda, yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında yazdığı “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsərini türkcəyə çevirilir. Kitabın, eyni zamanda M.Füzuli yaradıcılığının tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi nəzərdə tutulur.

Təqdimatda elm və mədəniyyət adamları, tanınmış ədəbiyyatçılar, çox sayda azərbaycanlı, tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

azertag.az