Xalq Artisti Cəmilə Bayramovanın yubiley gecəsi rəqs qruplarının çıxışları ilə yadda qalıb
6.11.2017

Noyabrın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, rəqqasə Cəmilə Bayramovanın 60 illik yubileyi qeyd edilib.

Xəbər verilir ki, əvvəlcə C.Bayramova haqqında film nümayiş olunub, onun həyat və fəaliyyətindən söhbət açılıb.

Bildirilib ki, Bakıda dünyaya göz açan C.Bayramova uşaq yaşlarından rəqsə böyük həvəs göstərib. Bu istəyi onu “Biləcəri” rəqs qrupuna, oradan da Bakı Xoreoqrafiya Məktəbinə gətirib. Təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Rəqs Ansamblında fəaliyyət göstərib. Milli rəqslərimizi təkcə ölkəmizdə deyil, xaricdə də məharətlə nümayiş etdirən sənətkarın əməyinə dövlətimiz tərəfindən yüksək qiymət verilib. O, öz sənətində Azərbaycan milli ruhunu yaşatmaqla yanaşı, gənclərin də bu sahədə yetişməsinə böyük əmək sərf edib. Təsadüfi deyil ki, Xəzər Universitetində qızlardan ibarət rəqs ansamblını yaradıb, onlara sənətin sirlərini öyrədib.

Yubiley gecəsində “Biləcəri”, “Cücələrim”, “Cəngi” və Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupu, habelə Türkiyə və İrandan gəlmiş rəqqaslar öz təbriklərini rəngarəng ifaları ilə çatdırıblar.

Sonda Cəmilə Bayramova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, öz repertuarından rəqs nümunələri təqdim edib.

azertag.az