"Sumqayıt" Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb
6.11.2017

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turu “Sumqayıt”ın yubiley qələbəsi ilə əlamətdar olub.
Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verilir ki, “Keşlə”ni ev oyununda 3:1 hesabı ilə məğlub edən “gənclik şəhəri” təmsilçisi elitada 50-ci qələbəsini qazanıb. 2011/2012 mövsümündən Premyer Liqada çıxış edən sumqayıtlılar buna 207-ci matçda nail olublar. Eyniadlı komanda keçirdiyi matçların 24 faizində qələbə qazanıb. Hesabında 55 heç-heçə də olan “Sumqayıt” 102 dəfə uduzub.
“Kapital Bank Arena”da keçirilən görüş həm də mövsümün rekordu ilə əlamətdar olub. 87-ci dəqiqədə meydana çıxan Rüfət Abdullazadə 2017/2018 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçu kimi tarixə düşüb. O, 16 yaş 291 günlüyündə çempionatda debüt edib.

report.az