Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Zöhrə Ağamirova Belçikanın Gent şəhərində təşkil edilən “Happy Cup” beynəlxalq turnirində 5 medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, medallardan 4-ü qızıl, 1-i isə gümüşdür. Z.Ağamirova 27 iştirakçı arasında ilk “qızıl”ını ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Ardından, o, halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3 qızıl medala yiyələnib.
Azərbaycan idmançısı 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.
Turnirdə “yunior” proqramında Azərbaycanı təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançı 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.
report.az